Multikulturalizm Mərkəzi Mərakeşdə silsilə tədbirlər keçirib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə  Azərbaycan Dillər Universitetinin Təlimdə İnnovasiyalar kafedrasının baş müəllimi, Əlavə təhsil və təcrübə fakültəsinin dekan müavini Anar Rəhimov Mərakeş Krallığının nüfuzlu dövlət universitetlərində mühazirələr oxuyub. Mərakeşin Aqadir şəhərində yerləşən və ölkənin ikinci ən böyük dövlət universiteti sayılan İbn Zohr universitetində təqdim olunan mühazirə “Azərbaycanda dini, etnik, dil müxtəlifliyi və tolerantlıq” adlanıb.  Mühazirədə ölkəmizdə etno-mədəni və konfessional müxtəliflik, xalqların dostluq və harmoniya şəraitində yaşaması, dövlətin onlara subsidiyalar ayırması, torpaqlarımızı işğal edən ermənilərin kilsəsinin belə dağıdılmadığı, əksinə dini abidə kimi, bu gün də Bakıda saxlanıldığı vurğulanıb. Mühazirə 130 min tələbəsi və 15 fakültəsi olan İbn Zohr universitetində böyük maraq doğurub. Mühazirəyə tələbələrlə yanaşı, universitetin müəllim-professor heyəti və doktorantlar da qatılıblar. Sonda tədbir iştirakçılarının ökəmizdəki dini və etnik müxtəlifliyin tarixi, bu günü, perspektivləri haqqında sualları cavablandırılıb.

Anar Rəhimov eyni zamanda, Mərakeşin Cadi Ayyad universitetinin Şərq ölkələri və mədəniyyətləri fakültəsinin magistrlərinə də “Azərbaycan multikulturalizm modeli dünya ölkələrinə nümunə kimi” mövzusunda mühazirə oxuyub. Mühazirədə yerli tələbələrlə yanaşı xarici tələbələr də iştirak ediblər.

Mərakeş universitetlərində baş tutan görüşlər çərçivəsində yaxın gələcəkdə bu ölkənin ali təhsil ocaqlarında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən  “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə bağlı ilkin razılıq əldə olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat mərkəzi