Haaqada “İstanbul prosesi”nin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb

Bakı, 19 noyabr

Noyabrın 18-19-da Niderland Krallığının Haaqa şəhərində bu ölkənin Xarici İşlər Nazirliyi və “Universal Hüquqlar Qrupu” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə “İstanbul prosesi”nin “Dini dözümsüzlüklə mübarizə: İnklüziv və dözümlü cəmiyyətlər qurmaq, nifrət və zorakılığı geridə qoymaq” mövzusunda növbəti VII görüş keçirilib.

Məlum olduğu kimi, “İstanbul prosesi” BMT İnsan Hüquqları Şurasının 2011-ci ildə qəbul etdiyi “Din və əqidə əsasında insanlara qarşı dözümsüzlük, mənfi stereotiplər, stiqmatizasiya, ayrı-seçkilik, zorakılığa təhrik və zorakılıqla mübarizə” adlı 16/18 nömrəli və BMT Baş Assambleyasının oxşar məzmunlu 66/167 nömrəli qətnamələrində qeyd edilən hallarla mübarizəni nəzərdə tutan fəaliyyət planının həyata keçirilməsi üçün mexanizmdir. Sözügedən qətnamələr din və əqidə əsasında dözümsüzlüklə mübarizə aparmaq üçün əsas hökumətlərarası siyasət çərçivəsi hesab olunur. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı tərəfindən irəli sürülmüş və 16/18 nömrəli qətnamənin təşkilatın üzvü qismində əsas sponsorlarından biridir. 2011-ci ildə İstanbulda təsis olunan və dini dözümsüzlüyə qarşı mübarizəni, din və ya etiqad azadlığının təşviq olunmasını nəzərdə tutan “İstanbul prosesi”nin indiyədək müxtəlif ölkələrdə altı görüşü keçirilib.

“İstanbul prosesi”nin builki görüşündə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təmsil edib.

Etibar Nəcəfov tədbirin “Dinlərarası dialoq, sosial inteqrasiya və təhsil vasitəsilə tolerant və inklüziv cəmiyyətlərin qurulması” adlı sessiyasında çıxış edərək Azərbaycanın tolerant və inklüziv cəmiyyətin qurulması sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən danışıb. O, bu nailiyyətlərin əldə olunmasında ölkəmizin multikulturalizm siyasətinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Belə ki, multikulturalizm siyasəti cəmiyyətdəki etnik, dini və mədəni müxtəlifliklərin, eləcə də onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasını təmin etməklə ölkə daxilində inteqrasiya proseslərini möhkəmləndirir və bununla da etnik və dini zəmində qarşıdurmanın qarşısını alır.

Şöbə müdiri multikulturalizm siyasətinin ölkəmizin daxili və xarici siyasətində özünü büruzə verdiyini qeyd edərək bu siyasətin daxili siyasətdəki təzahürünü ölkəmizdə din və etiqad azadlığının təmin edilməsində, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasında, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstəyin göstərilməsində, ölkə daxilində dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında olduğunu söyləyib.

Xarici siyasət sahəsində isə multikulturalizmin əsas təzahürlərindən biri ölkəmiz tərəfindən bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun təşviq olunmasıdır. E.Nəcəfov qeyd edib ki, Azərbaycan 2008-ci ildən bəri bu dialoqu müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi” çərçivəsində uğurla həyata keçirilir.

“Bakı prosesi” çərçivəsində Azərbaycanda bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyini qeyd edən şöbə müdiri ötən həftə uğurla baş tutmuş Dünya dini liderlərinin II Bakı Sammiti barədə tədbir iştirakçılarına məlumat verib. O, Sammitdə dünyada müxtəlif dini konfessiyalar arasında dialoq və əməkdaşlığın təşviq olunması, din və ya etiqad azadlığının demokratik cəmiyyətin inkişafında rolu, islamofobiya, antisemitizm və xristianofobiya kimi dini dözümsüzlüyün formalarına qarşı mübarizənin vacibliyi məsələlərinin müzakirə olunduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb. Şöbə müdiri, həmçinin Sammitdə qəbul olunmuş “Bakı Bəyannaməsinin” əsas müddəaları haqqında görüş iştirakçılarına məlumat verib.