Romada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən dəyirmi masa keçirilib

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans çərçivəsində Azərbaycan Dillər Universitetinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Romada tədbir keçirilib.

Tədbirdə İtaliya, Fransa, Moldova və Litvanın müxtəlif universitetlərinin və elmi-akademik dairələrinin nümayəndələri, müəllim və tələbə heyəti iştirak ediblər.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək ölkəmizdə tarixən formalaşmış multikultural ənənələrin və dəyərlərin, yüksək tolerantlıq mühitinin mövcudluğundan bəhs edib. Diplomat bu ənənə və dəyərlərin qorunub saxlanılması üçün həyata keçirilən dövlət siyasətindən, eləcə də sivilizasiyalararası dialoqun təşviqində ölkəmizin səylərindən və təşəbbüslərindən söz açıb. O, Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb.

Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayev çıxışında Azərbaycan Dillər Universitetinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən beynəlxalq elmi konfrans çərçivəsində 11 ölkənin 13 ali məktəbində müxtəlif tədbirlərin təşkilinin nəzərdə tutulduğunu və bu tədbirin onlardan biri olduğunu qeyd edib. O, tədbirlə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Əməkdar Elm Xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubunu oxuyub.

İtaliyanın Təhlükəsizlik və Azadlıq Fondunun prezidenti Feliçe Romano, professor Alessandro Fiqus, Kassino Universitetinin rektoru Covanni Betta, Link Kampus Universitetinin prezidenti Vinçenzo Skotti, KORE Universitetinin prezidenti Salerno Kataldo və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliya nümayəndəliyinin rəhbəri Sandro Teti Azərbaycanda multikulturalizm və tolerantlığın xüsusiyyətlərinə dair fikirlərini ifadə ediblər.

Tədbirdə Azərbaycan Dillər Universitetinin professoru Azad Məmmədov "Azərbaycanda multikulturalizm", professor Anar Bağırov "Multikulturalizm və din, Azərbaycan təcrübəsi", Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev “Multikultural təhlükəsizliyin Azərbaycan modeli: dini ekstremizmə qarşı mübarizə kontekstində”, AMEA-nın üzvləri professor İlham Məmmədzadə "Multikulturalizm fəlsəfi kontekstdə" və professor Zöhrə Əliyeva “Azərbaycanda tolerantlığın ənənələri” mövzularında, eləcə də İtaliyanın Genuya, Kataniya, Link Kampus, Romatre, Fransanın Nimes, Litvanın Klaypeda universitetlərinin, Moldovanın Beynəlxalq İdarəçilik İnstitutunun professorları multikulturalizmə aid müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycanda mövcud olan yüksək tolerantlıq mühiti, multikultural ənənə və dəyərlərin qorunub saxlanılması təqdir edilib, ölkəmizin multikulturalizm siyasətinin əsasları, bu sahədə mövcud hüquqi baza və əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verilib. Çıxışlarda Azərbaycanın multikultural dəyərlərinin dünyada tanıdılması baxımından belə tədbirlərin əhəmiyyəti vurğulanıb.

Запись Romada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən dəyirmi masa keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.