İngiloylar

     Azərbaycan xalqının formalaşması prosesində iştirak edən etnoslardan biri də ingiloylardır. Qafqaz Albaniyası etnoslarından biri – gellərin nəslindən olan ingiloylar hazırda Azərbaycanın şimal-qərb zonasında – Qax, Zaqatala, Ba- lakən rayonlarının ərazisində – Balakən rayonunun İtitala kəndində, Zaqatala rayonunun Əliabad qəsəbəsində, Yengiyan, Verxiyan, Mosul kəndlərində, Qax rayonunun Qaxbaş, Qaxingiloy, Meşəbaş, Əmircan, Əlibəyli, İngiloy Kötüklü, Böyük Alatəmir, Kiçik Alatəmir və Qarameşə kəndlərində toplu halında ya- şayırlar. İngiloyların kiçik bir hissəsi də Türkiyədə və Gürcüstanda məskunlaş- mışdır. İngiloyların əksəriyyəti müsəlman (sünni), bir qismi isə pravoslavdır. Əvvəllər müsəlman olan pravoslav ingiloylar XIX əsrin II yarısında xristian- laşdırılmışlar. İlkin mənbələrin verdiyi məlumata görə, XIX əsrin 60-cı illə- rində Əliabad kəndindən 40 ailə Rusiya imperiyasının zorla xristianlaşdırma siyasətinə etiraz əlaməti olaraq Türkiyəyə köçüb getmişdir. Hazırda onların nəsilləri Adana vilayətinin Ceyhan ilçəsindəki Dağıstan kəndində yaşayırlar. XX əsrin 30-cu illərində isə Qorağan kəndində yaşayan xristian ingiloyların əksəriyyəti Gürcüstana köç edərək Tsiteltskaro rayonunda Samtatskaro (əvvəl- ki adı Anaqar Qorağan) kəndində məskunlaşmışdır. Doğma yurddan və etnos- dan ayrı düşmələrinə baxmayaraq, hər iki kəndin əhalisi özlərinin Azərbaycan etnosu olduqlarını unutmamışlar. 1

Alban tayfaları ittifaqına daxil olan gel tayfasının günümüzə gəlib çatan varislərinin – ingiloyların etnik tarixi az qala iki əsrə yaxındır ki, məqsədli şəkildə təhrif olunmuşdur. XIX əsr rus və gürcü tarixşünaslığında ingiloylar islamı qəbul etmiş gellər deyil, “müsəlman gürcülər” kimi təqdim edilirdi. 2 Bu konsepsiyanın tərəfdarlarının fikrincə, ingiloyların islamdan əvvəl xristian olmaları və onların danışıq dilinin gürcü dilinin şərq dialekti olması əsas götürülərək bu etnos «müsəlmanlaşmış gürcülər» hesab edilir. İngiloy etnonimi “yeni yol”, yəni «islamı qəbul edənlər» kimi izah edilir. İngiloy” etnoniminin ilk dəfə yazılı mənbələrdə XVIII əsrin sonlarında qeyd olunduğunu isə onların məhz bu dövrdə islamı qəbul etməsi ilə əlaqələndirirlər.

     Halbuki ingiloyların kütləvi şəkildə  islamı  qəbul  etməsi  XVII  əsrdə baş vermişdir. Həm də ingiloylar heç də gürcüdən dönmə deyil,  qədim Alban soykökünə bağlı müstəqil etnos olmuşdur. İngiloyların soykökündə qədim yunan mənbələrində adı çəkilən alban mənşəli “gel” tayfaları durur. İngiloyların  Qafqaz  Albaniyasının  etnoslarından  olan  qədim  gel tayfaları ilə əlaqələndirilməsi fikri ilk dəfə Azərbaycan etnoqrafı Q.Ə.Qeybullayev tərəfindən irəli sürülmüşdür. Q.Qeybullayev “yengeloy” etnoniminin etimologiyasını “yeni gellər” kimi izah edərək, XVII əsrin əvvəllərində islamı qəbul  etmiş  gellərin  adının  qarşısına «yeni» kəlməsi əlavə edilməklə “yeni gellər» etnoniminin yarandığını tarixi mənbələr, toponimik və etnoqrafik materillar əsasında sübuta yetirmiş, ingiloylarla gellərin eyni tayfa olduğunu bildirmiş və bununla da 150 ildən artıq mövcud olmuş gürcü-rus konsepsiyasını iflasa uğratmağa müvəffəq olmuşdur.4 Yazılı mənbələrdə gellərin Qafqaz Albaniyasında yaşayan 26 tayfadan biri olduğu qeyd olunur. Qədim yunan müəllifləri Strabon və Plutarx gellərin Qafqaz Albaniyasında məskunlaşması, onların skif, alban, leq və amazon tayfalarının qonşuluğunda yaşamaları barədə məlumat verirlər.5; 6 Strabon və Plini gellərin məskunlaşdıqları ərazilərə Cənubi Azərbaycan – Atropatena torpaqlarının şimal-şərqini də daxil etmişdilər. İranın şimalındakı «Gilan» toponiminin və buradakı «gilək» etnoniminin gel tayfası ilə birbaşa bağlılığını bildirən K.Trever isə yazırdı: «Tarixi mənbələrə görə, gellər təkcə albanların arasında deyil, Xəzər dənizinin cənub-qərb hissəsində də yaşamışlar».
     Yunan müəllifləri ingiloyların qədim əcdadı olan gel tayfaları, həmçinin onların yaşadıqları ərazilər, hətta Gelda toponimi haqqında məlumat vermişlər.  Ptolemey   Qafqaz Albaniyasında   Gelda  şəhərini  qeyd etmişdir. Ptolemeyin qeyd etdiyi Gelda toponimi Şəki-Zaqatala bölgəsinin əhalisi arasında Qoloda şəklində bu gün də qorunub-saxlanılmışdır. Qoloda Zaqatala rayonunda ingiloyların sakin olduqları yerlərin adı kimi indi də avar və saxurlar arasında işlənməkdədir. Hələ XIX əsrdə Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində XVIII əsrədək İlisu dairəsinin yuxarı hissəsinin «Qoloda» adlandığını yazırdı.9 XIX əsrdə yaşamış rus  general-mayoru  baron Pavel Uslar da Car-Balakən dairəsinin əvvəllər «Qoloda» adlandığını bildirir.10  Gellərin törəmələri hazırda da tarixən məskunlaşdıqları ərazilərdə Azərbaycanın şimal-qərb bölgəsi ilə müasir Cənub-Qərbi Dağıstan arasındakı yerli əhali arasında «Qoloda» adlanan yerdə yaşayırlar.11 Qeyd etmək lazımdır ki, Azərbaycanın şimal-qərb ərazilərində gellərlə bağlı yer adları təkcə Qoloda toponimi ilə məhdudlaşmır. Bu gün Azərbaycanın şimal- qərb bölgələrində, həmçinin Qafqaz Albaniyasının tarixi sərhədlərinə daxil olan Cənubi Dağıstanda qədim «gel» etnoniminin izlərinə Suvagil, Güllük Gelmes, Geli, Sarvagel kimi kənd adlarında rast gəlmək olar. Xüsusilə, Güllük kəndini  bölgənin  ən  qədim  yaşayış  yeri  hesab  edən  Qax  əhalisi arasında «Çaylarda Kürmük, kəndlərdə Güllük» kimi xalq deyimi də mövcuddur.
     Qeyd olunduğu kimi, qədim alban tayfalarından olan gellərin böyük əksəriyyəti XVII əsrədək xristian dini mənsubiyyətlərini saxlasalar da, XVII əsrin ikinci yarısından etibarən – 1616-1617-ci illərdə I Şah Abbasın şimal yürüşləri nəticəsində bu ərazidə yaşayan xristianların bir çoxu, o cümlədən gellər islam dinini qəbul etmişlər. Məhz bu səbəbdən əhali müsəlman gelləri (geloyları) xristian soydaşlarından fərqləndirmək məqsədilə yeni dini, yəni islamı (müsəlmanlığı) qəbul etmiş gellər anlamında «yengi geloylar» (yeni gellər) adlandırmağa başlamışdır. Tədricən qel və ya qeloy etnonimi fonetik dəyişikliyə məruz qalaraq yengiloy və daha sonralar ingiloy şəklini almışdır. Yeri gəlmişkən, Rusiya və Avropa yazılı mənbələrində də ingiloy etnoniminə yalnız XVIII əsrdən etibarən rast gəlinir. Lakin Azərbaycanın şimal-qərb bölgəsində yerli əhali bu gün də ingiloyları bəzən qədim adları ilə «qeloy» deyə çağırmaqdadır. İngiloyların etnik özünü adlandırması da «geli» şəklindədir.
     Ümumiyyətlə, gel tayfalarının varisi olan ingiloyların etnik tarixində din amili dərin iz buraxmışdır. Tarixən Alban xristianlıq ənənələrinə sadiq qalan gellər pravoslav olan gürcülərə qarşı mübarizə apararaq öz alban inanclarını qorumağa çalışsalar da, XII əsrdə Gürcüstanın hərbi-siyasi qüdrətinin artması ilə əlaqədar olaraq sıxışdırılmağa başlamışlar. Nəticədə ingiloy dili gürcü dilinin təsiri altına düşərək, tədricən gürcü dilinin şərq dialektinə çevrilmişdir. Lakin ciddi dəyişikliyə məruz qalmasına baxmayaraq, ingiloy dilində arxaik dilin izləri də kifayət qədər qorunub-saxlanılmışdır. XVII əsrdə islam dininin qəbulu, XIX əsrin ortalarından etibarən isə pravoslav Rusiyanın Qafqazda möhkəmlənməsi ilə ingiloyların bir hissəsinin yenidən xristianlaşdırılması  bu etnosa daha ağır zərbə vurdu. İngiloylar dini zəmində iki yerə parçalandı. Qafqaz Albaniyası dövründən baslayaraq yüzillər boyu dostluq şəraitində yaşayan Azərbaycan etnosları arasına nifaq salmaq siyasəti yeridən Rusiyanın Cənubi Qafqazı zəbt etdikdən sonra regionda apardığı xristianlaşdırma siyasəti ingiloyların məskunlaşdığı Azərbaycanın şimal-qərb bölgəsində  həm də gürcüləşdirmə siyasəti ilə müşayiət olunurdu. Belə ki, 1822-ci ildən etibarən gürcü kilsəsinin təkidi ilə bu bölgədə ingiloyların yenidən xristianlığa qaytarılmasına başlanılmış və bu proses 1850-ci ildə daha geniş vüsət almışdı. Hətta Qafqazın canişini knyaz İvan Paskeviç ingiloyların xristian dininə qaytarılmasında xüsusi canfəşanlıq etmişdir. O, 1830-cu ilin oktyabr ayının 15-də mitroploit İona yazdığı məktubda ingiloyların arasına bir neçə savadlı gürcü ruhanisinin göndərilməsini, amma bu işin yerli müsəlman əhalidən gizlin aparılmasını xahiş etmişdi.
     Sonralar xristian dininin Qafqazda və Cənubi Qafqazda hakim dinə çevrilməsi və müsəlman əhali arasında missionerlik fəaliyyətinin aparılması məqsədilə 1860-cı ildə yaradılan Pravoslav Xristianlığının Bərpası üzrə Rusiya Cəmiyyəti gürcü kilsəsi ilə birlikdə ingiloyların kütləvi şəkildə xristianlığa qaytarılması üçün təşəbbüsü ələ almışdı. Çar üsuli-idarəsinin rəsmi sənədlərində bu barədə qeyd olunur: «Qafqazda xristianlığın bərpası ilk növbədə qalib    və məğlub tərəflər arasında qan tökülməsinin tamamilə qarşısının alınması, barışığın təmin olunması məqsədini daşıyır… İsa Məsihin xaçı dünyanın xilasının əlaməti, Rəbb və bəndələr, eləcə də insanlar arasında məhəbbətin və sülhün rəmzidir».
     Çar Rusiyası qədim alban tayfası olan gellərin varisləri olan ingiloyları pravoslavlaşdırmaqla bütövlükdə alban etnomədəni təbəqəsini tamamilə məhv etmək və burada yeni bir etnos – gürcü etnosu yaratmaq niyyətində  idi. Rusiya imperiyasının məmurları «ingiloy» etnonimini xalqın yaddaşından silmək məqsədilə 1897-ci ildə əhalinin siyahıya alınması zamanı ingiloyların müsəlman hissəsini “müsəlman ingiloylar”, xristianlığı qəbul etmiş hissəsini isə “gürcü” kimi qeydə almağa başladılar. Hətta müsəlman ingiloylar da tədricən gürcü kimi qeydə alınırdı. Xristian ingiloylardan fərqləndirmək  üçün müsəlman ingiloyları «məhəmmədi-gürcü», «müsəlman gürcü» kimi absurd adlarla sıyahıya almağa başladılar. Bu siyasətin həyata keçirilməsinə Rusiyanın XIX əsr imperiya müəllifləri də yaxından kömək göstərirdilər. XIX əsrdə belə rus müəlliflərindən biri olan, antiislam ruhlu qatı velikorus fon Plotto da ingiloylardan yazarkən «gürcüdilli müsəlmanlar» ifadəsini işlətmiş,«ingiloy» kəlməsini «yeni müsəlmanlar» kimi yozmuşdu. Lakin onların «orta əsrlərdə «albanların törəmələri» olduqlarını vurğulayan müəllif bu ərazilərdəki Oğlanbulaq, Qızbulaq kimi hidronimlərin adlarını çəkərkən XIX əsrin 60-70-ci illərində türk dilinin burada əhəmiyyətli rol oynadığını da etiraf etmişdi.
     Rusiya imperiyasının dəstəyi ilə gürcü missionerləri bölgədəki qədim alban məbədlərini “təmir etmək” bəhanəsilə məhv edərək onların “gürcü pravoslav kilsələri” kimi fəaliyyətini təmin etməyə çalışırdılar. Demək olar ki, bütün ingiloy kəndlərində kilsələr tikilməyə başlanmışdı. Bu siyasət nəticəsində XIX əsrin sonlarından etibarən bölgədə pravoslav-xristianlığın təbliğinin güclənməsi üçün Kürmük çayının yaxınlığındakı Kürmük alban məbədi də dağıdılaraq yerində yeni pravoslav kilsəsi tikilmişdi. Kilsənin inşa tarixi 1873-cü ilə  aiddir.15 Kürmük məbədində gürcü pravoslav kilsəsinin fəaliyyət göstərməsi XIX əsrdə Rusiya imperiyasının alban etnosunun və Alban kilsəsinin məhvinə yönəldilmiş dini siyasətinin bariz nümunəsidir.  Rusiya  sinodunun  qərarı  ilə 1836-cı ildə alban məbədlərinin fəaliyyətinin dayandırılmasından sonra xristian albanların son nəsilləri pravoslav və ya qriqorian kilsəsinə getməyə məcbur buraxılmış, bununla da dini durumlarına uyğun olaraq erməniləşməyə və gürcüləşməyə məruz qalmışlar. Bu dövrdən etibarən imperiya məmurları Azərbaycanın şimal-qərb bölgəsində alban tayfalarının birbaşa varislərindən olan ingiloylar arasında pravoslav kilsəsinin nüfuzunu gücləndirməyə, bununla da onların öz etnik mənsubiyyətini unudaraq gürcüləşdirməyə yönəldilmiş siyasət aparmağa başlamışlar. Bu siyasət nəticəsində qədim alban məbədi Kürmükün yerində yeni gürcü pravoslav kilsəsi inşa edilmişdir. Pravoslav kilsəsinə çevrilmiş məbəd Pravoslav Xristianlığın Bərpası üzrə Rusiya Cəmiyyəti vasitəsilə gürcü kilsəsinin sərəncamına verilmişdi. Qeyd etmək lazımdır ki, hazırda məbədin Qafqaz Albaniyasına aid olması qəbul edilərək, əvvəlki adı bərpa olunmuşdur. Bu kilsənin məhz alban məbədinin yerində inşa olunmasının səbəbi isə xalqın əsrlərdən bəri ziyarət etdiyi qədim inanc yerinin təyinatını dəyişmək, tədricən pravoslavlığa meyilləndirmək olmuşdu. Lakin Kürmük Alban məbədi pravoslav kilsəsi ilə əvəz edilsə də, yerli əhali – istər xristian, istərsə də müsəlmanlar qədim alban ənənələrinə sadiq qalaraq bu alban məbədini ziyarətə davam etmişlər.

     XIX əsrin əvvəllərindən etibarən Rusiya imperiyası tərəfindən intensiv şəkildə həyata keçirilən bu siyasət ingiloyların böyük əksəriyyətinin inadlı müqavimətinə səbəb oldu. Belə cəlbetmə siyasəti nəticəsində Qax, Əlibəyli, Qorağan, Kötüklü, Meşəbaş, Şotavar, Tasmalı, Zəyəm, Lələ-Paşa, Marsan, Yengiyan kimi bir sıra ingiloy kəndlərinin əhalisi xristianlığı qəbul etsə də, islam dininə sadiq qalan ingiloy kəndlərinin, xüsusilə də Əliabad kəndinin  öz inancları uğrunda mübarizəyə qalxması ilə həmin yaşayış məntəqələrinin əksəriyyətində islama qayıdış prosesi başladı.
     Bölgədə ingiloyların zorən xristianlaşdırılması siyasəti kütləvi etirazlarla müşayiət olunurdu. Belə ki, 1863-cü ildə Hacı Murtuzun başçılığı ilə Zaqatalanın Əliabad kəndində müsəlman ingiloy sakinlərinin qiyamı baş vermişdi. Hacı Murtuz rus ordusunun keçmiş kapitanı olmaqla, əhali arasında böyük nüfuza malik idi. O, rus hökumətinin xristianlığı qəbul etmək tələbi ilə razılaşmadığı üçün vəzifəsindən kənarlaşdırılmış, hətta Balakəndə kilsə inşası üçün torpaq 
sahəsi ayırmağa məcbur edilmişdi. Azərbaycan tarixində şanlı səhifələr yazmış Əliabad üsyanında bölgənin digər kəndlərinin əhalisi – ingiloylar, Azərbaycan türkləri, saxurlar silaha sarılaraq çar üsuli- idarəsinin istibdadına qarşı vuruşmuşlar. 

     Üsyan 1863-cü ildə yatırıldıqdan sonra çar hökuməti ingiloyları yola gətirmək üçün müxtəlif üsullara əl atmışdı. Məsələn, xristianlığı qəbul etdikləri təqdirdə kəndlilərə torpaq          sahələrinin verilməsi, həbsdə olanların azad  olunmasına   dair şirin vədlər  verilsə  də,  çar hökuməti sözünün üstündə durmamışdı. Eyni zamanda, ingiloyların xristianlaşdırılması prosesi də rəvan keçməmişdi. O dövrün tarixçilərindən A.Paserbskinin qənaətinə əsasən, Rusiya ingiloyları «öz dinlərinə» qaytarmağa çalışsa da, artıq gec idi.16 Demoqraf M.Avdeyev isə yazırdı ki, ingiloylar özlərini yenə də müsəlman ümməti hesab edirdilər. Bu məsələ Zaqatala dairəsinin rəisi Stoletovun general Karsova ünvanladığı məktubda da öz əksini tapmışdı. Belə ki, məktubda «bütün səylərə baxmayaraq, burada xristian dininin tələblərinə cavab verə biləcək bir nəfər də olsun xristian yoxdur» yazılmışdı. Qorağan kəndinə təyin olunmuş missioner keşiş Nikolay Bornabov isə yazırdı: «Fəaliyyətə başladığım dövrdən indiyədək qorağanlıların xristian yaşam tərzindən çoxlu sayda yayınmaları qeydə alınmışdır… Belə ki, pravoslav təliminin dini tələblərini yerinə yetirmək, ruhani atanın nəsihətlərini dinləmək və sonra onları icra etmək Qorağan xristianının xasiyyətinə uyğun deyildir… Kilsəyə və keşişin yanına yalnız mərhumu dəfn etmək, körpələri xaç suyuna salmaq, kəbin kəsdirmək üçün gəlir və bunu yalnız nikahın və yeni doğulmuş uşağın qeydiyyatını rəsmiləşdirmək üçün edirlər».
     Çar rejiminin Qafqaz siyasəti üçün arzuolunmaz vəziyyətin qarşısının alınması məqsədilə imperiya məmurları «xristian» ingiloyları hər gün zorən kilsəyə getməyə, müsəlman adlarını dilə gətirməməyə və dəyişməyə məcbur edirdilər. Lakin bütün cəhdlərə baxmayaraq, ingiloyların əksəriyyəti xristian dininə maraq göstərməməkdə idi. Buna görə də onların çox az hissəsi, yalnız Qorağan kəndi əhalisinin bir qismi, Qax, Əlibəyli kimi bir neçə kəndin sakinləri xristianlaşdırıldılar. Bu siyasət ingiloylar üçün ağır nəticələr verdi, vahid etnos iki yerə parçalandı. Nəticədə XIX əsrin sonlarında xristian ingiloyların böyük hissəsi həqiqi etnik mənsubiyyətini unutdu, özlərini gürcü hesab etməyə başladı. Rusiya imperiyasının qoyduğu ənənələr sovet hakimiyyəti dönəmində də davam etdirilmiş, ingiloylar müstəqil etnos kimi deyil, «müsəlman gürcü» və ya «gürcülərin etnik qrupu» qismində təqdim olunmuşdur.
     Bu gün Azərbaycan Respublikasında təxminən 20 mindən çox müsəlman, 8 mindən artıq xristian ingiloy öz mövcudluqlarını qorumaqdadırlar. Zaqatala və Balakən ingiloyları əsasən müsəlman, Qaxda məskunlaşanların isə bir hissəsi xristiandır. Bundan başqa, xristian ingiloylar Qax rayonunun Qaxbaş, Süskənd, Meşəbaş, Zəyəm, Xələf-Tala, Qarameşə, Qımır, müsəlman ingiloylar isə Zaqa- tala rayonunun Əliabad, Mosul, Qandax, Balakən rayonunun İtitala kəndlərində yaşayırlar. Əliabad kəndi yaxınlığındakı Yengiyan kəndində də müsəlman in- giloylar vardır. Qax rayonunun Qorağan, Şotavar, İngiloy-Kötüklü, Qax-İngi- loy və Əlibəyli kəndlərində, həmçinin İbaxlı və Əlibəylinin şimalındakı Böyük Alatəmirdə müsəlman və xristian ingiloylar yanaşı, Qum kəndində isə Azərbay- can türkləri və saxurlarla bir yerdə yaşayırlar.

     Rəsmi linqvistikada müasir ingiloy dili «gürcü dilinin şərq dialekti» hesab edilsə də, hələ XIX əsrin qafqazşünasları onların fərqli olduqları qənaətinə gəlmişlər.17 İngiloy dilində arxaik dilin izləri də qalmaqdadır. Bir sıra tarixi səbəblər üzündən ingiloylar özlərinin qədim dillərini unutsalar da, alban kimliklərini qoruyub-saxlaya bilmişlər. Şəki-Zaqatala bölgəsinin alban-ingiloy əhalisinin bir qismi öz etnik tarixi yaddaşına sadiq qalmış, öz mənşəyini, inanclarını və adət- ənənələrini məişətdə və mərasim ayinlərində qoruyub-saxlamağa calışmışlar. İngiloyların Qorqod, Kürmükoba, Tut nübgəri kimi bir sıra qədim və unikal bayram ənənələri bu gün də yaşamaqdadır. Bu bayramalarda ingiloylar dini mənsubiyyətlərindən asılı olmayaraq birgə iştirak edirlər.
     Qafqaz Albaniyası dövründən Kürmük çayının daşma mövsümlərində yazda və payızda icra olunan Kürmükoba şənlikləri umumalban, eləcə də ümumazərbaycan xarakterlidir və kökü ibtidai inanclara doğru uzanır. Bu bayram bir qayda olaraq Qax rayonundakı qədim Kürmük alban məbədi əra- zisində keçirilir. Məbədin yaxınlığındakı qayalıq, xüsusilə də məbədə aparan yolun ortasındakı nəhəng qara qaya parçası əsas sitayiş obyektlərindən biridir. Nəhəng qaya parçası ilə bağlı xalq arasında müxtəlif əfsanələr dolaşmaqda- dır. Əfsanələrin birinə görə, həmin qaya İsa peyğəmbərin sağlığında insanların ibadət yeri olmuşdur. Lakin İsa Məsih çarmıxa çəkilən an onun qapıları daşa çevrilmiş və birdəfəlik bağlanmışdır.
     Öz tarixi alban yaddaşlarına sadiq qalan həm xristian, həm də müsəlman in- giloylar Kürmük məbədini birgə ziyarət edir, burada qədim Kürmükoba məra- simində iştirak edir, ayinlər icra edirlər. Bu qədim alban məbədində icra olunan ayinlərdə dinlərin sinkretizmi müxtəlif formalarda müşahidə olunur. Bütün al- ban mənşəli etnoslar kimi ingiloylar da islam və xristianlıqdan əvvəlki dövrlərə aid qədim dinlərin izlərini, mifoloji təsəvvürlərini mühafizə etmiş və bu amil onların etnik bayramlarında, inanc sistemində dini sinkretizmə yol açmışdı. Maraqlıdır ki, Kürmük məbədindəki mərasim ayinlərində yalnız xoruz və qo- yun qurbanları kəsilir. Onu da qeyd edək ki, digər xristianlardan fərqli olaraq, yalnız xristian ingiloylar və udilər Rəbbin şərəfinə qurban deyir və bu ayini məbədin həyətində icra edirlər.
     
Qeyd etmək lazımdır ki, Azərbaycanın alban dövründən qalma bu qədim inanc yeri istər xristian, istərsə də müsəlman əhali tərəfindən eyni dərəcədə inanılaraq ziyarət edilir. Kürmük məbədini təkcə ingiloylar deyil, etnik və dini mənşəyindən asılı olmayaraq bütün bölgə əhalisi «pir» kimi ziyarət edir. Bu, Kürmükoba mərasiminin Azərbaycanın şimal-qərb bölgəsində ümumalban mənşəli qədim bir mərasim olduğunu göstərməkdədir.
     XIXəsr rus müəllifləri Kürmük kilsəsinin yaxınlığında, qayalıqlarda qə- dim məbədin xarabalıqları barədə məlumat vermişlər.18 Kürmükoba bayramı ilə baglı Baron fon Plotto yazırdı: «O da maraqlıdır ki, qədim məbədin xara- balıqlarını ziyarət etmək üçün xristianlarla yanaşı yerli müsəlmanlar da gəlir- dilər».19 Kürmük məbədi tarixən qədim dini tikili olaraq, Qafqaz Albaniyası tayfalarının tapındığı Ay tanrısı şərəfinə inşa edilmiş və sonralar xristian məbə- dinə çevrilsə də, xalq yaddaşında ilkin mifoloji təyinatını saxlamış, dini ayinlərin keçirildiyi ibadətgah rolunu oynamışdır. Antik mənbələr, arxeoloji-etnoq- rafik araşdırmalar da bu ərazidə vaxtilə Ay məbədinin olmasını təsdiqləyir.Müasir dövrdə də ingiloylarda Günəşə, Aya, Göyə inam qalmaqdadır. Onlar- da Aya, Günəşə, Göyə and içmək müqəddəs andlardan hesab olunur. Bundan başqa, ingiloyların məskunlaşdıqları Zaqatala rayonunda Güllük kəndindən 5-6 km aralıda yerləşən Armaiti dağında V-VI əsrlərə aid məbəd, habelə Əli- abad qəsəbəsindəki “Pəri qala” məbədində də albanların Selena-Ay ilahəsinə sitayişinin izləri müşahidə olunmaqdadir. “Armaiti” oronimi “Arma” – “Ay ilahəsi” ilə əlaqələndirilir.
     

     Hazırda Azərbaycan əhalisinin böyük hissəsinin inancından asılı olmayaraq Armatay, Kürmük kimi qədim alban məbədlərini ziyarət etməsi alban tayfala-

rının varisləri olaraq onların islam dinini qəbul etməsin- dən sonra belə öz qədim tarixlərini unutmadıqlarını göstərir.
     Tarixən əkinçilik və maldarlıqla məşğul olmuş ingiloyların da əsas bay- ramları Azərbaycan türklə- rində olduğu kimi baharın gəlişi ilə bağlıdır. Lakin in- giloyların bahar mərasimi- nin – Qorqod bayramının özunəməxsus çalarları var- dır. Bu bayram ümumazər- baycan Novruz şənlikləri ilə eyni motiv – yazın gəlişi, təbiətin oyanması, xeyirxah qüvvəllərin    şər   üzərində qələbəsi şəklində qurulub. Lakin ingiloylarda bayram şənlikləri martın 21-22- dən başlayaraq aprel ayının sonunadək davam etdirilir. Bayram mərasimlərinin qırx gün davam etməsi də xüsusi anlam daşıyır. Belə ki, Azərbaycan türklərində Novruzdan 40 gün keçdimi “daha yazın qırxı çıxdı» deyərlər.

     Araşdırmalar «qorqot»un əski türk sözü olub, «qor» (od) və «qut» (xoş-bəxtlik) sözlərinin birləşməsindən yarandığını, baharın gəlişi ilə səsləşən Xızır (Xıdırəlləz, Xızır İlyas, Xıdır Nəbi) kultu ilə əlaqəli olduğunu söyləməyə əsas verir. Görkəmli alim, professor Mirəli Seyidov Qorqudsözünun anlamı ilə bağlı  yazır ki, Qorqut – xoşbəxt od, xeyirxah ruh, həyatverici od deməkdir.Əski türkcədə «qut» sözü «ruh», «can» anlamında işlənmişdir. “Gor” sözü isə “od” anlamında Azərbaycan türkcəsində bu gün də qalmaqdadır. 24 Xızır ümumtürk mərasimlərində od, istilik gətirən mifoloji obraz kimi tanınmaqda- dır və ... yazı, yazın istisini, hərarətini, odunu, qüvvətini, qutunu gətirən kişi deməkdir.25 Azərbaycan mifologiyasında Xızırla yanaşı Qorqud da mövcud ol- muşdur. Görkəmli ədəbiyyatşünas, professor Pənah Xəlilov yazır: «Folkloru- muzda Xızır qədim xeyirxah və sehrli qüvvədir. Sonralar islam dini əfsanəsinə qarışıb Xızır İlyas kimi məşhur olmuşdu. Xızır İlyas sehri bir daha təsdiq edir ki, bu boy ən qədim dastanlardan su içir, tarixən islamın yayıldığı dövrlərin əfsanələrinin təsirindən də kənarda qalmır».
     Maraqlıdır ki, ingiloylar baharın ilk elçisi olan durna quşuna da “qorqot” deyirlər və bayram hər il durna qatarlarının gəlişinə təsadüf edir.  İgiloy-  ların buğda və qozdan hazırlanan bahar mərasim yeməyi də qorqot adlanır. Göründüyü kimi, ingiloyların qeyd etdiyi Qorqod mərasimi Novruz, Xızır İlyas (Xıdırəlləz) kimi ümumzərbaycan-ümumtürk ənənələrinin izlərini qoruyub-saxlamışdır.

     Yaxın keçmişə qədər bayram şənlikləri bir qayda olaraq hər bir nəslə məx- sus əkin sahəsinin yaxınlığındakı su mənbələrinin kənarında, bulaq başında təşkil edilər, bu zaman küsənlər mütləq barışardılar. Mərasim keçirilən gün bütün nəsil köç karvanı ilə bayram yerinə gələr, burada od (qor) qalayar, yerə xalçalar sərər, ləziz xörəklər, o cümlədən mərasim yeməyi – qorqot hazırlayar- dılar. Bayram mərasiminə gələ bilməyən xəstələrə, qocalara, əlillərə bayram payı göndərərdilər.      Hazırda Novruz – Qorqot bayramı bütün kənd, qəsəbə sakinlərinin birgə iştirakı ilə mərkəzi meydanlarda keçirilir. Tədbirdə hər ailənin, hər obanın öz yeri, öz payı olur. İdman yarışları keçirilir, kəndirbazlar, pəhləvanlar məharətlərini nümayiş etdirirlər. Novruzun atributları olan Kosanın, Keçəlin iştirakı ilə meydanda böyük tonqal qalanır, yumurta döyüşdürülür. Xonçalı, səmənili süfrələr açılır, qazanlar asılır. Bölgə üçün səciyyəvi olan ənənəvi yeməklər – maxara, sülhülü, girs, xingal, çilov, qorqod, usurum və s. bişirilir. Bayramda iştirak etmək üçün ətraf kəndlərdən, rayon mərkəzindən qonaqlar dəvət olunur. İngiloyların baramaçılıq ənənələri ilə bağlı olan Tuti nubgari (Tut nubarı) əmək bayramını xüsusi qeyd etmək lazımdır. Bu bayram bir qayda olaraq tut yetişən, barama seçilən vaxt keçirilərdi. Həmin gün həyətlərdə qoyun-keçi kəsilər, süfrələr açılar, tut ağacları silkələnər, barama təmizlənərdi.
     İngiloyların toy mərasimləri də onların ortaq ümumazərbaycan etnomədəni məkanının ayrılmaz hissəsi olduğunun bariz nümunələrindəndir. İngiloy toy mərasimlərində hər zaman Azərbaycan ruhu üstünluk təşkil etmişdir. Hələ ba- ron fon Plotto da ingiloy toylarında Azərbaycan türkcəsində mahnılar oxundu- ğunu yazırdı.27 Bundan başqa, onların mədəni həyatında aşıq sənəti də mühüm yer tutmaqdadır. Vaxtilə Aşıq Əlixan, Aşıq Əzim, Aşıq Məhəmməd, Aşıq Dar- çın, Aşıq Hüseyn, Aşıq Cəlaləddin kimi ingiloy saz və söz ustaları bölgədən kənarda da tanınırdı.
     İngiloyların nişan mərasimi qədim türklərdə olduğu kimi bəlgə adlanır. Ni- şan mərasimində xonça bəzəmək üçün xon adlanan kiçikölçülü məcməyilər- dən istifadə edilir. Bu sözə XIII əsr Azərbaycan türkcəsində qələmə alınmış«Dastani-Əhməd Harami» poemasında «xonça» anlamında rast gəlinir. İngi- loylar nişan xonçasına düyü halvası, firni, şabalıd, şirniyyat, boyadılmış yu- murta və gümüş üzük qoyardılar. Azərbaycan xalqları arasında geniş yayılmış şaxbəzəmə adəti onlarda da vardır. Cehiz sandığına isə qırmızı parça ilə bağ- lanmış bir dəstə üzərrik qoyurlar.
     İngiloylarda toy məclisini idarə edən masabəyi tulumbaş adlanır. İngiloy toylarında “Dədə Qorqud” dastanlarından gələn bir ənənənin izləri də müşa- hidə edilməkdədir. Belə ki, ingiloylar qapının ağzına başına alma keçirilmiş uzun bir ağac basdırarlar. Adətə görə, oğlan evindən gələn kişilərdən biri al- manı tüfənglə vurduqdan sonra qız evinə daxil olmaq hüququ qazanılardı. Bu ənənə udi toyları üçün də səciyyəvi idi. Bu adəti S.Vurğun Bamsı Beyrəyin toyuna bənzətmişdi. Qız evində oğlan adamlarının övlad, bolluq rəmzi olan toyuq və alma ilə qarşılanması kimi qədim adətə nəinki Azərbaycanın müxtəlif bölgələrində, hətta Türkiyənin Anadolu regionunda da rast gəlinir. Gəlin bəy 
evinə daxil olarkən ocağa dəmir parçası atarlar. Əgər dəmir ocaqda tez qızarsa, deməli, təzə ailə xoşbəxt ömür sürəcək. Yeri gəlmişkən, ocağa dəmir parçası atmaq ayini qədim türklərdə də mövcud olmuşdur. Göytürklər yeni ilin baş- lanğıcında odda dəmir qızdırardılar. Bu, «yeni həyatın başlanğıcı» anlamını verirdi.
     İngiloylarda gəlini atdan düşürdəndə onu əli xonçalı bir qadın qarşılardı. Adətə görə, xonçada yanan şam, çörək, yağ və bal olardı. Gəlinin ağzına bal sürtər, əlinə xəmir verər, başına isə barama qoyarlar. Bal gəlinin evə şirinlik gə- tirməsi, xəmir və barama isə onun ayağının ruzili olması, evində xeyir-bərəkə- tin, həmişə ipək parçaların olması arzusu ilə edilirdi. Gəlinin balla qarşılanmsı ənənəsi Anadolu türkləri üçün də səciyyəvidir.
    Keçmişdə ingiloy qadınları arasında ümumazərbaycan milli geyimi olan arxaluk (arxalıq) dəbdə idi. Qadın arxalığı uzun və qısaqollu olurdu. Gənc qızlar daha çox əlvan rəngli ipək parçadan arxalıq geyərdilər. Toy paltarının qollarına, ətəyinə, boynuna rəngli saplardan toxunmuş ensiz lent – qıy tikilərdi. Eyni bəzək elementi xristian ingiloyların geyimlərində də vardır. Belə paltar nipxar adlanır, altdan geyilən enli qırmızı şalvara mukasar deyirdilər. Gəlinin belinə əngəli adlanan gümüş toqqa, saçlarına isə qızıl bəzək əşyası – baş zənci- ri taxırdılar. İngiloylarda qadın toy libaslarına meyzər (önlük) bağlamaq ənənə- si də olmuşdur. Toy libasında gümüşlə süslənmiş ipək və ya məxmər meyzərin olması vacib şərtlərdən idi.
     İngiloy toylarında toy meyzəri ilə bağlı aşağıdakı gəlin – qaynana deyiş- məsi də oxunardı:

               Qaynana:        Köynəyi təzə, məzəri təzə

Bir il keçsin, görəh, nə deyir gəlin bizə?

Gəlin:              Köynəyim təzə, məzərim təzə

Özümə yer eyləyim, gör neylərəm sizə!

     Toy meyzəri bahalı ipək parçadan, varlı ailələrdə isə məxmər və ya gül- məxmərdən tikilər, güləbətın, bafta və asma gümüş sikkələrlə bəzədilərdi. Toy meyzərinin beli meyzər bağı və ya gümüş kəmərlə bağlanar, gərdənbənd və ya qazayağı adlanan spesifik sinə bəzəkləri vasitəsilə boyundan asılardı. Meyzərə bağlanan sinə bəzəyinin bir başqa formasına isə ilgək deyərdilər. Qadınlar saç- larını toplayıb düyməçənin içərisinə yığardılar. El adətinə görə, düyməçəsiz və meyzərsiz gəlin köçürməzdilər. Azərbaycanın şimal-qərb bölgəsində gülbəndi adlanan güllü şal da ingiloy toy libasının vacib atributlarından idi. Türklərdə analoji şala tülbəndi deyirlər. Gülbəndi düyməçənin üstündən örtülərdü. Gül- bəndinin üstü üzərinə xırda pulcuqlar bənd edilmiş gümüş zəncirlərlə bağlanar- dı. İngiloy qadınları saçlarını Orta Asiya türkləri kimi bir neçə hörüklə hörər, gicgahlarında isə birçək saxlayardılar. Qadın baş geyimləri və onların bağlan- ma tərzləri də yaşa görə fərqli olurdu.
     Hazırda Əliabad kəndində «İngiloy» folklor ansamblı fəaliyyət göstərir. Bu kəndin yetirmələrindən olan Aşıq Hüseyn Əliabadlı Azərbaycan, ingiloy və gürcü dillərində yazıb-yaratmışdır. Aşıq Camal isə bu gün də Azərbaycan və ingiloy dillərində çalıb-oxuyan ingiloy aşıqlarındandır.
     Azərbaycanın ən qədim avtoxton etnoslarından biri olan ingiloylar (gellər) ölkəmizin etnik tarixinin, ümumazərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Tarixi və etnomədəni baxımdan Aərbaycan türkləri ilə ortaq keç- mişə, maddi və mənəvi mədəniyyətə malik olan bu qədim etnos Aərbaycan cəmiyyətinə daha sıx inteqrasiya olunmaqdadır. Qafqaz Albaniyası tayfaların- dan birinin – gel və ya geloyların varislərindən olan ingiloylar etnososial və etnomədəni baxımdan ümumazərbaycan mədəniyyətinə öz sanballı töhfələrini vermiş, bu mədəniyyətin formalaşmasında və inkişafında yaxından iştirak et- mişlər.

 

Saytda təqdim edilən materiallar M.Paşayeva və A.Qurbanovun “Biz Azərbaycanlıyıq” kitabından götürülmüşdür.