ATƏT-in iclasında Azərbaycanın milli azlıqların hüquqlarının qorunması sahəsində nailiyyətlərindən danışılıb

Bakı, 24 sentyabr

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş yekun iclası keçirilir.

 Hər il payızda keçirilən bu tədbirdə ATƏT-ə üzv olan ölkələr insan ölçüsünə dair konsensus yolu ilə qəbul etdikləri öhdəliklərin yerinə yetirilməsinə dair hesabat verirlər. Yekun iclasda ATƏT-ə üzv olan 57 ölkə ilə yanaşı, beynəlxalq təşkilatlar, QHT-lər də iştirak edirlər. Tədbir sentyabrın 27-dək davam edəcək.

Sentyabrın 24-də sözügedən tədbirin “Tolerantlıq və qeyri-ayrı-seçkilik. Milli azlıqlara mənsub olan şəxslərin hüquqları” mövzusuna həsr olunmuş 12-ci işçi sessiyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış edib, tədbir iştirakçılarına ölkəmizdə dövlət tərəfindən milli azlıqların hüquqlarının qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

E.Nəcəfov çıxışında Azərbaycanda milli azlıqların hüquqlarının qorunmasının ölkəmizin multikulturalizm siyasəti çərçivəsində həyata keçirildiyini bildirib. O, Azərbaycan Respublikasının multikulturalizm siyasəti çərçivəsində ölkədə yaşayan milli azlıqların sosial, iqtisadi və mədəni məsələlərinin yüksək səviyyədə həll olunduğunu qeyd edərək burada milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması istiqamətində dövlət tərəfindən mühüm işlərin görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Şöbə müdiri konkret faktlara əsaslanaraq, qeyd edib ki, 2004-cü ildən indiyədək ölkə regionlarının sosial-iqtisadi inkişafına, o cümlədən milli azlıqların kompakt yaşadıqları regionların sosial-iqtisadi inkişafına yönəlib və hər biri 5 ili əhatə edən 4 dövlət proqramı qəbul olunub. Əvvəlki 3 proqramın hər biri uğurla icra edilib. Bununla yanaşı, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər çərçivəsində bir neçə Prezident sərəncamlarının imzalandığı diqqətə çatdırılıb. Bu sərəncamlara əsasən, milli azlıqların kompakt yaşadıqları cənub, şimal və şimal-qərb bölgələrində sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və s. sahələrdə böyük layihələr həyata keçirildiyi bildirilib.

 

Etiketlər