"Yeni dövr" Qərb fəlsəfəsində tolerantlıq və multikulturalizm

Rəşad İLYASOV
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi analitika şöbəsinin müdiri, fəlsəfə doktoru

Antik dövrdən üzü bəri mədəni olmaq əxlaqlı olmaqla, siyasi varlıq olmaqla bərabər tutulub. Aristotel "Nikomax etikası" əsərində yazırdı ki, "özünə münasibətdə fəzilətli davrananlar" yox, "başqalarına münasibətdə fəzilətli davrananlar" daha düzgün hərəkət etmiş olurlar.

Digər tərəfdən, qeyd olunmalıdır ki, orta əsr Qərb cəmiyyətində üçlü sinif anlayışı mövcud idi: dua edənlər (oratores), savaşanlar (bellatores) və işçilər (laboratores).

Multikulturalizmin birbaşa tolerantlıq məfhumu ilə əlaqəsi var. Tolerantlıq multikulturalizmin, o cümlədən, bütün bəşəri münasibətlərin əsasında duran etik əsaslardan biridir. "Tolerantlıq" latın mənşəli söz olub, dilimizə "dözümlülük" kimi tərcümə olunur. "Tolerantlıq" terminindən məna baxımından  "təmkinlilik", "səbrlilik", "qarşılıqlı hörmət" və "ehtiram" kimi sözlərə sinonim olaraq da istifadə edilə bilər. Laruss lüğətinə görə, "tolerance" sözü ilk dəfə 1361-ci ildə dövriyyəyə daxil olub. "Toleration" anlayışının yaranması isə XVI əsrə təsadüf edir.

Orta əsrdə qərb dünyasında baş verən din müharibələri, XVII əsrdə bağlanan Vestfaliya sülhündən sonra ortaya çıxan millət-dövlət anlayışı, fəlsəfə tarixində Rene Dekartla başlayan modernizm, o cümlədən, ictimai sferada modernləşmə təmayülləri tolerantlıq və multikulturalizm anlayışlarının da geniş yayılmasına səbəb oldu. 1562-ci ildə katolik fransız kral tərəfindən protestantlara ölkədə qalma icazə verilməsi məqsədilə "tolerer" sözündən istifadə olundu. XX əsrin məşhur alman filosofu Yurgen Habermasın da haqlı olaraq qeyd etdiyi kimi, bu məfhum XVI-XVII əsrlərə qədər gedib çıxır. Ona görə bu dövrlərdə katoliklər və kalvinistlər bir-birlərindən nifrət edirdilər. Səksən il müharibələri sadəcə İspaniyaya qarşı üsyan deyil, eyni zamanda, Ortodoks kalvinistlərin katoliklərə qarşı apardıqları bir "cihad" idi.

Yeni dövr filosoflarından Con Lokk (1632-1704),  Con Stüart Mill (1806-1873), Pyer Beyl 1647-1706), Volter (1694-1778)  və başqaları, tolerantlıq ideyasının inkişafına böyük töhfələr veriblər. İngilis filosofu və təbii hüquq nəzəriyyəsinin banisi Con Lokk "Tolerantlıq məktubu" adlı traktatında xristian din qardaşlarına müraciətlə bir-birlərinə qarşı dini dözümlülük göstərmələrini və aralarındakı qarşıdurmanın tolerant hisslərlə əvəz olunmasını aşılayırdı.

Liberal düşüncə maarifçilik dövründən (XVII əsr) etibarən fərd və cəmiyyətin formalaşmasını izah edən əsas məfhumlardan biri kimi qəbul edilir. Klassik liberalizmə təbii hüquqlar, praqmatizm, iqtisadi liberalizm, sosial darvinizm kimi məhfumlar aiddir. Yeni dövr fəlsəfə tarixində Con Stüart Mill müxtəliflik və fərdi azadlıq fikriylə liberalizmin mühüm simalarından hesab olunur. O, ictimai sferada liberalizmin labüdlüyünü düşüncə sisteminin əsası olaraq təqdim etmişdir. Mill liberalizm üçün əsas məfhum olaraq tolerantlığı təqdim edir. Tolerantlıq azadlıq və müxtəliflik kimi məfhumlardan daha genişdir və onların var olmalarını zəmanətini verir. Təsadüfi deyil ki, Millin mühüm əsərlərindən biri "Azadlığa Dair" adlanır. Con Lokkdan fərqli olaraq Mill tolerantlığı sadəcə dini dözümlülük mənasında deyil, bir çox aspektən dəyərləndirir.

Con Stüar Millin tolerantlıq anlayışı iki əsasa istinad edir. Birincisi, "insan təbiətinin müxtəlifliyi və onun özünü bu müxtəliflik içərisində inkişaf etdirə biləcəyinə inamdır".  İkincisi isə yaşamağa dəyər olan həyatın, şəxsin özünün seçdiyi və özünün müəyyənləşdirdiyi həyat olduğunu bildirən fərdi azadlıq inancıdır". Mill, insanı ağaca bənzədərək, onun canlı bir varlıq olaraq daxili, təbii gücləri istiqamətlərində inkişaf edən və böyümək istəyən bir varlıq olduğunu qeyd edir. Hər insan bu kontekstdə eyni zamanda, fərqli qabiliyyətlərə malikdir və insanı eyni şərtlərə məhkum etmək doğru deyil. Buna görə də fərd inkişaf etmək üçün azad olmalıdır. Bu mənada, Mill fərqliliyi, müxtəlifliyi, o cümlədən, multikulturallığı zənginlik olaraq qiymətləndirir. Bu baxımdan Mill həqiqətin yalnız fikirlərin  azad platfromasında ortaya çıxacağını qeyd edir. O, fərdiyyətçiliyi və fərdin azadlığını daha çox önə çıxarması yanında insanın ictimai yönünü da rədd etmir. Ona görə "insan istər-istəməz məcburi şəkildə yalnız öz fərdiyyətinə aid məsələlərlə məşğul olan eqoist varlıq deyil". İnsan Aristotelin də qeyd etdiyi kimi, "ictimai varlıq"dır.

Maarifçilik layihəsi, kainat, cəmiyyət və insan təbiəti ilə bağlı bütün suallara veriləcək cavabın universal və rasional şəkildə ifadə edilməsinin vacibliyini qəbul etdi. Əsaslarını Lokkun atdığı təbii hüquq anlayışı fərdlərdən yola çıxaraq cəmiyyəti fərdlər üçün qurulmuş struktur olaraq qəbul edir. Bu düşüncə tərzi XVII əsrin sonlarından etibarən Qərb düşüncə tərzinə hakim oldu. XVIII əsrin ortalarından etibarən insanlar arasındakı fərdi müxtəlifliklərin əxlaqi məzmun daşıdığı, bu səbəblə də hər kəsin öz həyatını yaşayaraq başqasına həsəd aparmadan yaşaması mühüm əhəmiyyət kəsb edirdi. Daha sonralar isə böyük alman sosioloqu Maks Veberin də təsiriylə protestant əxlaqına istinad edilərək işləməyin, nizam-intizama uymanın və istehsalçı olmanın yeni ibadət şəkli olması cəmiyyətin inkişafı düşüncəsinə dayanırdı.

Tolerantlığın liberal interpretasiyası XVII əsrdə dini azadlıqla bağlı mövzularda,  xüsusilə, Lokkun fəaliyyəti ilə ortaya çıxmışdır. Ümumi mənada tolerantlıq və multikulturalizmlə bağlı Lokkla yanaşı, Volter, Hobbs və Mill də əhəmiyyət kəsb edir. 

Con Stuart Mill tolerantlıq məfhumunu əxlaqi mənada azadlıq və müxtəliflikdən öncə gəldiyini vurğulayır. Con Lokkdan etibarən mütəfəkkirləri arasında liberalizm anlayışında əxlaqi dəyər kimi qəbul edilən tolerantlığa dair ortaq görüş mövcud idi. Çünki müxtəlif həyat tərzlərinə və düşüncələrinə malik fərdlərin müştərək ictimai struktur daxilində birgəyaşamalarını təmin etmənin əxlaqi formulu tolerantlıqdır. Təşkilatlanma azadlığını inkişaf etdirən və beləliklə, azadlıq məfkurəsini mühafizə edən bir cəmiyyət tolerant cəmiyyətdir .

XVIII əsr maarifçi fəlsəfəsinin nəhəng fransız intellektuallarından biri də Volter olmuşdur. O, tolerantlıq mövzusuna "Fəlsəfi məktublar", "Fəlsəfə lüğəti" traktatlarında toxunmuşdur. Volter üçün tolerantlıq bir tərəfdən bütün demokratik azadlıqların əsası, digər tərəfdən isə əxlaqın qızıl qaydasına riayət etmənin nəticəsidir: "...başqalarının sənə qarşı pislik etməsini rəva bilmədiyin kimi, sən də başqalarına pislik etmə". Digər tərəfdən, o, "insanın ümumi təbiətinin zəif və xəta etməyə meylli olduğunu ifadə edərək insanların bu cəhətlərinin tolerant qarşılanmasının vacibliyini" qeyd edir. Ona görə "tolerantlıq təbii bir qanun"dur.

Yeni dövr fəlsəfəsində multikulturalizm ideyaların anlaşılması üçün İngilis filosofu Tomas Hobbsun (1588-1679) da görüşləri əhəmiyyət kəsb edir. Belə ki, Hobbs liberalizm kontekstində müxtəlif fərdlərin ehtiyac və tələbləri arasında qaçınılmaz rəqabətin olduğunu iddia edir. Ona görə, insanlar təbiətlərinə uyğun olaraq özlərini idarə edəbiləcək qabiliyyətə sahibdirlər. Onlar əllərindən alına bilməyəcək hüquq və azadlıqlara malikdirlər. Hobbs bütün bu fərdi xüsusiyyətlərin dövlət tərəfindən mühafizə ediləcəyini bəyan edir. Bu kontekstdə qeyd olunmalıdır ki, klassik liberal mütəfəkkirlərə görə insan təbiəti dövlətsiz ayaqda qala bilməz.

Yeni dövr fəlsəfəsində multikulturalizm aspektindən ən mühüm məqamlardan biri də insanların birgəyaşamını şərtləndirən amillər. Bu, daha çox ictimai müqavilə (social contract) anlayışına istinad edir. Bu nəzəriyyəyə görə, insanların birgəyaşamının əsasını rasional-konvensional müqavilə təşkil edir. Bu mənada birgəşamaya müxtəlif konfessiya və etnosların, o cümlədən, müxtəlif mədəniyyətlərin  konvensional həyat tərzləri daxildir. Digər tərəfdən Lokk və Hobbs siyasi iqtidarın ictimai düşüncədən öncə gəldiyini və bunun yeni dövr fəlsəfəsini müəyyənləşdirən amillərdən biri olduğunu vurğulayır. Təsadüfi deyil ki, orta və yeni dövr Qərb dünyasında baş verən din və məzhəb müharibələrini ortadan qaldırmaq üçün "kimin bölgəsində yaşayırsam, onun dinini qəbul edirəm" (cuis regio, eius religio) prinsipi səbəbilə dini azadlıq siyasi iqtidar vasitəsilə müəyyənləşməli oldu. Bu mənada orta əsr düşüncəsində hakim olan Tanrı və kilsə anlayışının yerini dövlət tutmağa başladı. Məhz Hobbs 1651-ci ildə qələmə aldığı "Leviafan" adlı məşhur əsərində varlıq aləmini iki qismə bölür: birincisi, Tanrı tərəfindən yaradılan təbiət, ikincisi isə  bunun insan tərəfindən təqlidi ilə formalaşan "Commonwealth" (birlik), "State" (dövlət)  və ya "Civitas" (vətandaş)dan ibarətdir. Bu terminler eyni məzmunlu sinonim ifadələrdir. Bu təqlid nəticəsində fərdlərdən ibarət cəmiyyət və dövlət meydana gəlir. Və bu dövlətin əsasını onun suverenliyi təşkil edir.

"İctimai müqavilə" əsərində fərdiyyətçiliyə dair açıqlaması ilə Jan Jak Russo (1712-1778) fərdlərin təbii və qaçınılmaz azadlığa malik olduğunu ifadə edir. Eyni zamanda, Russo əksəriyyətin, yaxud hamının istəyi tərəfindən idarə olunan dövlətin, insanları/fərdləri azadlıqda yaşadacağına dair geniş səlahiyyətləri olacağını vurğulayır. Russo fərdin öz sevgisinin cəmiyyətin digər üzvlərinə qarşı bəslədiyi ehtiramla uzlaşacağını ifadə edərək ictimai aspektdən bunun konsepsiyasını təqdim etmişdir.

Maarifçilik dövrünün mütəfəkkirləri insanı eyni zamanda, hər hansı bir mədəniyyətə mənsub bir varlıq kimi də qəbul etdilər. Kartezian fəlsəfəsinin XVIII əsr tənqidçisi Giambatista Vikoya görə təbiət, yəni fenomenlər dünyasından fərqli olaraq tarix və mədəniyyəti insanlar yaradır. İctimai həyatı insanın formalaşdırdığını qeyd edən Giambatista Vikodan sonra  tarixi, hüquqi və siyasi antropologiyanın banilərindən Monteskyu və Herder də bu düşüncələri inkişaf etdirdilər. Məhz Vikodan sonra Herder ilk dəfə XVIII əsrdə mədəniyyət terminindən istifadə etdi. Bu baxımdan Herderə görə, "insan özü-özünü var edir. O, həyatını yaxşı bildiyi situasiyaya görə özü qurur".

Klassik liberalizmə mənsub mütəfəkkirlər köləliyi, elitizmi, patriarxlığı, müstəmləkəçiliyi və orta siniflərin siyasi iqtidarı müdafiə etmişlər. Bu kimi problemlər müasir dövrdə neoliberal anlayışlar, o cümlədən, demokratik qaydaların fərdi hüquq və azadlqlar üzərində əsas parametrlər olduğuna dair həmfikirdirlər.

Beləliklə, yeni dövr fəlsəfəsində, o cümlədən, maarifçi filosof və yazıçılar multikultural ideyaları həm fərdin öz həyatında, həm də ictimai sferada mühüm hesab edirlər. Antik dövr, orta əsr və yeni dövr fəlsəfi cərəyanlarında yekdilliklə insanın birgəyaşamasının ən əsas səbəblərindən birinin tolerantlığın təşkil etdiyi qəbul edilir. Məhz fəlsəfə tarixinin yeni dövr mərhələsində mədəniyyətlərarası münasibətlər, müxtəlif mədəniyyətlərin qarşılıqlı inteqrasiyası, nəhayət, çoxmədəniyyətlilik anlayışının əsasları ciddi şəkildə tədqiq edilməyə başlandı. Daha sonra XX əsrin ortalarından etibarən müasir dövrümüz də daxil olmaqla multikulturalizm tendensiyası, "multikultural vətəndaşlıq", "konstitusional vətəndaşlıq" məfhumları çərçivəsində daha da qabarıq şəkildə araşdırılır.