Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

 

Mayın 24-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamlarını xatırladıb. Bildirib ki, bu sərəncamlar ölkə başçısının Azərbaycan dövlətçiliyi ənənələrinə və tarixinə verdiyi qiymətdir. R.Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyev hər zaman AXC tarixinin araşdırılmasının vacibliyini vurğulayırdı. AXC cəmi 23 ay mövcud olsa da, Azərbaycanın dövlət quruculuğu sahəsində, mədəniyyət, təhsil, ordu quruculuğu, ictimai sabitlik və digər sahələrdə əvəzolunmaz xidmətlər göstərib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov deyib ki, AXC dövrü qısa tarixi dövrü əhatə etsə də, Azərbaycan tarixinin ən ağrılı, mürəkkəb, eyni zamanda, ən şərəfli dövrlərindən birini təşkil edir. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu sahəyə diqqət artırıldı. 1998-ci ildə Cümhuriyyətin 80 illiyi ilə bağlı Sərəncam imzalandı. O dövrdən başlayaraq Azərbaycanda bu sahənin araşdırılmasına diqqət daha da artırıldı. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həm ölkəmizdə, həm də ölkəmizdən kənarda AXC-nin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından xüsusi önəm daşıyır.

Milli Məclisin deputatı Elmira Axundova Cümhuriyyətlə bağlı çox kitabların ərsəyə gəldiyini deyib. Bildirib ki, həmin dövrlə bağlı zəngin tarixi məlumatları ehtiva edən nəşrlər çoxdur. AXC nəinki özü 23 ay yaşadı, həm də o, bizləri yaşatdı. Yəni, indiki respublikamızın müstəqilliyinə zəmin yaratdı. Bu, tariximizin maraqlı bir cəhətidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması bu gün tarixi bir hadisədir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin taleyinə nəzər salarkən indiki respublikamızla əlaqədar çox paralellər görürük. Biz tarixin necə təkrarlandığının şahidi oluruq. 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin zəngin siyasi tarixi var.

Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanın XIX əsrin sonu, XX əsrin əvvəlində neft bumu yaşadığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycana təkcə Rusiyadan deyil, həmçinin Avropadan mühəndislər, həkimlər, müəllimlər gəlirdi. Bütün bunlar Azərbaycanda demokratiyanın, azad ideyaların formalaşması üçün şərait yaradırdı. Təsadüfi deyil ki, Rusiya imperiyasının parlamentinə birinci və ikinci çağırışlarda Azərbaycan nümayəndələri seçilmişdir, türk qrupunun rəhbəri isə Əlimərdan Topçubaşov olub. AXC-nin ən vacib xidmətlərindən isə parlament ənənələrinin əsasının qoyulmasıdır. Biz demokratik ölkədə yaşayırıq. Burada müxtəlif millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitdə yaşayırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, BBMM-in müşaviri Aytən Qəhrəman, Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin baş məsləhətçisi Həcər Verdiyeva, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi Kamran İsmayılov AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, gürcü yəhudiləri icması sədrinin müavini Moisey Bekker və başqaları 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu söyləyiblər. Bildirilib ki, AXC-nin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Həmin tarix hər il Respublika Günü kimi təntənə ilə qeyd edilir. Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqdə, о cümlədən türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. AXC Azərbaycan xalqının qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.

Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.