Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Qafqazın kilsələri” mövzusunda dəyirmi masa keçirilib

 

 

İyunun 13-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Qafqazın kilsələri” mövzusunda “dəyirmi masa” keçirilib.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində keçirilən tədbirin mövzusu barədə məlumat verib. Bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı ölkə alimlərinin əldə etdikləri araşdırmaların nəticələrini geniş auditoriyaya çatdırmaq məqsədilə həyata keçirilir. Bu layihə çərçivəsində mütəmadi olaraq “dəyirmi masa”lar, mühazirələr, təqdimatlar və görüşlər təşkil edilir. Bugünkü tədbir də həmin layihə çərçivəsində həyata keçirilir. O qeyd edib ki, dünyadakı alimlərin ölkəmizə gəlməsi, belə mövzularla bağlı tədqiqat aparması bizim üçün mühüm əhəmiyyət kəsb edir.

Sonra İlahiyyat Universitetinin rektoru Ceyhun Məmmədov tədbirin əhəmiyyətini, mövzunun günümüzün olduqca aktual məsələləri sırasında yer aldığını vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan hökuməti belə məsələlərə həssas yanaşır və buna xüsusi önəm verir. Zaman-zaman ermənilər albanların tarixi varisləri olduqları barədə iddialar irəli sürürdülər. Bundan başqa, araşdırmalar zamanı gürcülərin də bu cür iddiasının olduğunu öyrəndik. Bu məsələni tam şəkildə araşdırdıqdan sonra məlum oldu ki, Qafqaz albanları azərbaycanlılardır. Bu məsələyə olduqca diqqətli və həssas yanaşmalıyıq. Nə zaman ki, biz hansısa tarixi bir mərhələyə diqqətsiz yanaşmışıq, ermənilər bundan sui-istifadə ediblər. Qafqaz Albaniyasına məxsus abidələrin zaman-zaman məhv olması, bütün bunlara diqqətin ayrılmaması ermənilərin bu barədə müxtəlif tədbirlər keçirməsinə şərait yaradır. Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən erməni millətçiləri işğalçılıq əməllərinə haqq qazandırmaq məqsədilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastırları erməni abidələri elan etdilər. Buna görə də belə halların qarşısını almaq üçün araşdırmalarımızı davam etdirməli və bu istiqamətdə təbliğatımızı gücləndirməliyik.

Tədbirdə digər çıxış edənlər AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Fəridə Məmmədova “Alban apostol kilsəsinin yeparxiyaları və erməni kilsəsinin yeparxiyaları”, AMEA, Arxeologiya və etnoqrafiya İnstitutunun etnoarxeologiya şöbəsinin böyük elmi işçisi Ülviyyə Hacıyeva “Святые реликвии и культы Албанской Апостольской церкви”, AMEA, Memarlıq və İncəsənət İnstitutunun şəhərsalma, memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı “Qafqaz Albaniyasının dairəvi məbədləri”, AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutunun etnoarxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Məhəbbət Paşayeva “İlk xristian missionerlərinin Albaniyada fəaliyyəti”, Alban Udi Xristian dini icmasının sədri Robert Mobili “Alban Apostol kilsəsi: Tarix və Müasirlik” mövzularında məruzə ilə çıxış ediblər.

Bildirilib ki, Qafqaz Albaniyasının tarixinin araşdırılması işini ən çox azərbaycanlılar həyata keçirməlidir. Bu sahəyə xüsusi diqqət yetirilməli və məsuliyyətlə yanaşılmalıdır. Məruzəçilər Qafqazın müxtəlif kilsələri, tarixi-mədəni mühit, mənbələr, inkişaf mərhələləri, məbədlərin memarlıq tipləri və sairə haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsidir, Azərbaycan ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir məsələdir.

Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Qafqazın kilsələri” mövzusunda dəyirmi masa keçirilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.