Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən BBMM-in icraçı direktoru əvəzi Rəvan Həsənov Milli Qurtuluş Gününün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik olduğunu deyib. Bildirib ki, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir. Qeyd edib ki, bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır. Müasir müstəqil Azərbaycan Ümummilli Liderimizin təməlini qoyduğu uğurlu strategiya nəticəsində strateji xətlə inamla irəliləyir, inkişaf edir.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri professor Etibar Nəcəfov dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 İyun - Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycan yeni mərhələyə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran aradan qaldırıldı, sabitlik və iqtisadi inkişaf təmin edildi.

Azərbaycanda bu il mühüm əhəmiyyət kəsb edən hadisələrin - ulu öndər Heydər Əliyevin 95 illiyinin və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin yüksək səviyyədə qeyd olunduğunu deyən Etibar Nəcəfov bildirib ki, iyunun 15-də Azərbaycan tarixində şanlı səhifələrdən olan Milli Qurtuluş Gününü də keçirəcəyik. O diqqətə çatdırıb ki, bu üç hadisə bir-biri ilə əlaqəlidir. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik parlamentli respublika, hüquqi və dünyəvi dövlət nümunəsi olub. Bu dövrdə tariximizin ən parlaq səhifələri yazılıb, böyük nailiyyətlər əldə olunub. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi və bu kimi işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi obyektiv səbəbdən uzun sürə bilmədi. Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev ölkənin ağır günündə xalqın təkidli dəvətini qəbul edib paytaxta qayıtmaqla daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu böyük şəxsiyyət həyatını təhlükə altında qoyaraq 1993-cü il iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Sonra ‪Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovskiy, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, ‪Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Bakı və Xəzəryanı Yepiskopun müavini – Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Elnur Əfəndiyev, Avar Azərbaycan İctimai Birliyinin təmsilçisi Məhəmməd Nooyev, Gürcü Yəhudiləri İcmasının nümayəndəsi Moisey Bekker zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən danışıblar. Bildirilib ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, müasir dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.