ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş

Səfirə diplomatik fəaliyyəti dövründə uğurlar arzulayan E.Nəcəfov Azərbaycanda etnosiyasi və dini durumun tənzimlənməsi, eləcə də etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində əldə olunan nailiyyətlərdən danışaraq qeyd edib ki, tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşadığı ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb. Şöbə müdiri vurğulayıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  
Rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri barədə danışan E. Nəcəfov Azərbaycanın multikulturalizm modelinin bir çox ölkələr üçün nümunə ola biləcəyini qeyd edib. Həmçinin o, dövlət başçımız cənab İlham Əliyevin 15 may 2014-ci il tarixli fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən Azərbaycanın nümunəvi multikulturalizm modelinin təbliği məqsədilə həyata keçirilən layihələrdən söz açıb. O, iyulun 15-dən 21-dək IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin keçiriləcəyini bildirib.
Səfir Li Litzenbergerə məlumat verilib ki, BBMM-nin təşkil etdiyi yay məktəbi vasitəsilə dünyanın müxtəlif ölkələrindən olan gənclər bir araya toplaşaraq, ölkəmizdəki multikultural və tolerant mühitlə yaxından tanış olur, beləliklə Azərbaycan haqqında biliklərini artırırlar. Bununla yanaşı, Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi səmərəli təcrübəni öyrənmək məqsədilə Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə BBMM-ə dünyanın bir sıra ölkələrindən tədqiqatçılar cəlb olunmuşdur. 
Səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirən səfir Li Litzenberger müsəlman aləmində ilk demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu qeyd edib. Həmçinin o, Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ-ın mühüm müttəfiqi olduğunu deyib. Səfir Azərbaycanın mürəkkəb geosiyasi arealda yerləşməsinə baxmayaraq, tolerant və multikultural ənənələrin qorunaraq daha da inkişaf etdirilməsi istiqamətində böyük səylər göstərdiyini və bunun alqışlanacaq hal olduğunu vurğulayıb. Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılması işində hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.
Sonda qonaqlara BBMM-nin nəşr etdirdiyi, tarixən Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrdən bəhs edən kitablar təqdim edilib.